Quş qripi və nyukasl xəstəliyinin diaqnostikası ilə bağlı təlim keçirilib

Qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi, laboratoriya əməkdaşlarının peşəkarlığının artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssislərinin mütəmadi olaraq yerli və beynəlxalq təlimlərə cəlb olunur.

Foodinfo.az-ın məlumatına görə, növbəti belə təlim heyvan kəsim məntəqələrində baytarlıq-sanitariya ekspertizası işinin təkmilləşdirilməsi və kadr potensialının peşəkarlığının artırılması məqsədilə AQTİ-nin “Analitik Ekspertiza Mərkəzi” departamentinin peşəkar mütəxəssisləri tərəfindən baytar həkimlər və texniklərə keçirilib. Təlim “Quşlarda quş qripi və nyukasl xəstəliyinin diaqnostikası, ət və süd məhsullarının sanitar qiymətləndirilməsi və kəsim məntəqələrində baytarlıq sanitariya ekspertizası işinin aparılması zamanı nümunənin götürülməsi, saxlanması və göndərilməsi” proseduruna  həsr edilib. İştirakçılara heyvan kəsim məntəqəsinə gətirilən quşların yüksək patogenli quş qripinə görə kliniki müayinəsi, kəsildikdən sonra daxili orqanlarında baş verən dəyişiklikləri və digər xəstəliklərdən diferensiasiya edilməsi və onların sanitar qiymətləndirilməsi haqqında geniş məlumat verilib.

Sonda mütəxəssislər və iştirakçılar arasında mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.