AQTİ mütəxəssisləri pestisid qalıqları və mikotoksinlərin analizi üzrə beynəlxalq təlimlərə cəlb olunub

Qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi, laboratoriya əməkdaşlarının peşəkarlığının artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirakı təmin edilir.

Foodinfo.az xəbər verir ki, növbəti belə təlim Avropa İttifaqı tərəfindən maliyyələşdirilən tvinninq layihəsi çərçivəsində latviyalı mütəxəssislər Vadims Bartkeviçs və Iveta Pugayeva tərəfindən İnstitutunun əməkdaşları üçün keçirilib. Pestisid qalıqları və mikotoksinlərin analizi üzrə keçirilən təlimdə nümunələrin götürülməsi, pestisid qalığı və mikotoksinlərin analizi, həmçinin qida sahəsində validasiya və akkreditasiya üçün tələb olunan metodologiya üzrə təcrübə mübadiləsi aparılıb.

İki gün davam edən beynəlxalq təlimdə təlimçilər və iştirakçılar arasında mövzu ilə bağlı müzakirələr aparılıb, mütəxəssislərin sualları cavablandırılıb.