Baytarlıq aptekinin fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Foodinfo.az-ın məlumatına görə, agentlik əməkdaşları tərəfindən Quba şəhəri, 29-cu məhəllə, mərkəzi bazar ərazisində fəaliyyət göstərən, “Samir-HS” MMC-yə məxsus baytarlıq aptekində yoxlama keçirilib. Yoxlama zamanı baytarlıq aptekinin vitrinində yararlılıq müddəti bitmiş dərman preparatları aşkar edilib. Belə ki, aptekdə sanitariya tələblərinə, saxlanma qaydasına və temperatur rejiminə əməl olunmadığı, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı, həmçinin işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq baytarlıq aptekinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.