Bağçalarda 2 milyonluq yeyinti məlumatları haqda – Rəsmi açıqlama

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri İdarəsi 2 milyonluq yeyinti iddiası ilə bağlı məlumat yayıb. 

Foodinfo.az idarədən verilən məlumatı təqdim edir:

“Son günlər bir sıra Kütləvi İnformasiya Vasitələrində uşaq bağçalarında 2 milyonluq yeyinti haqqında qərəzli məqalələr yer almaqdadır. Bununla əlaqədar bildiririk ki, söhbət 8 ay bundan əvvəl Hesablama Palatası tərəfindən aparılmış auditin nəticələrindən gedir. Hesablama Palatasının audit hesabatında söhbət yeyintidən və ya mənimsənilmə faktından deyil, görülən işlərin mal-material uçotunda düzgün əks etdirilməməsindən gedir.

Belə ki, Hesablama Palatasının hesabatında da qeyd edildiyi kimi söhbət qeyd edilən ərzaq və geyimlərin alınmaması faktından deyil, menyuda nəzərdə tutulandan fərqli ərzaq növlərinin (sümüksüz mal əti və s.), həmçinin müəssisə daxili uniformaların alışından gedir. Bu məsələləri 2 milyonluq yeyinti kimi təqdim etmək görünür kiməsə lazımdır. Aktda qeyd olunan digər məsələlərlə bağlı təsdiqini tapmış bəzi məbləğlərin icraçı şirkətlər tərəfindən dövlət büdcəsinə bərpası tam təmin edilib.

Bəzi mətbuat orqanlarında məlumatların yoxlanılmadan tirajlanması əvəzinə dəqiqləşdirilərək verilməsi fikrimizcə peşəkarlıq baxımından daha məqsədəuyğun olardı. Böhtan xarakterli informasiyaların yer alacağı təqdirdə müvafiq qaydada məhkəmə orqanlarına müraciət olunacaq”.