Qoşqar Təhməzli Veysəloğlu Şirkətlər Qrupunun rəhbərini qəbul edib

Aprelin 8-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Veysəloğlu Şirkətlər Qrupunun rəhbəri Aydın Talıbovu qəbul edib.

Foodinfo.az-ın məlumatına görə, AQTA sədri ölkəmizdə qida təhlükəsizliyinin təmin olunmasının, həmçinin bu sahədə istehlakçı hüquqlarının qorunmasının vacibliyini diqqətə çatdırıb. Əhalinin təhlükəsiz və sağlam qida məhsulları ilə təmin olunmasında qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Görüşdə müvafiq qanunvericiliyə əsasən, tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər tərəfindən sanitariya-gigiyena norma və qaydalarına əməl olunmasının vacibliyi vurğulanıb. Əhalinin sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin baş verməməsi üçün qida zənciri boyu nəzarət tədbirlərinin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Qəbula görə təşəkkür edən Veysəloğlu Şirkətlər Qrupunun rəhbəri Aydın Talıbov əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması, həmçinin istehlakçı hüquqlarının müdafiəsi istiqamətində səylərini daha da artıracaqlarını bildirib.

Sonda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun  mütəxəssisləri tərəfindən metodiki dəstəyin artırılması və  əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.