AQTA və Belarusun nümayəndə heyətləri arasında görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin nümayəndə heyətləri arasında görüş keçirilib.

Foodinfo.az xəbər verir ki, videokonfrans formatında keçirilən görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində əməkdaşlığın inkişaf perspektivləri və görüləcək işlər müzakirə olunub.

Görüşdə AQTA sədrinin müavini Rəşad Mafusov birgə əməkdaşlıq çərçivəsində qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələr üzrə təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Son illərdə ölkəmizdə qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlərlə bağlı məlumat verən R. Mafusov sərhəd-keçid məntəqələrində baytarlıq nəzarət sisteminin təşkili, heyvanların identifikasiyası və qeydiyyatı sisteminin tətbiqi, pestisidlərin toksiklik dərəcəsinə görə təsnifatı, böhran vəziyyətləri üçün idarəetmə planının hazırlanması məsələlərində Belarus Respublikasının təcrübəsinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq nazirinin müavini İvan Smilqin iki ölkə arasında baytarlıq, bitki mühafizəsi və karantini, həmçinin qida təhlükəsizliyi sahələrində əməkdaşlığın inkişaf etdirilməsilə bağlı məmnunluğunu ifadə edib, bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Daha sonra Belarusun Dövlət Baytarlıq Mərkəzinin işçiləri tərəfindən Agentlik əməkdaşlarına baytarlıq preparatları, yem və yem əlavələrinin qeydiyyatı, xüsusi təhlükəli xəstəliklərin monitorinqi, onların qarşısının alınması və proqnozlaşdırılması, diaqnostik testlərin aparılması mövzusunda təlimlərin keçirilməsinə dair ilkin razılıq əldə olunub. Həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Belarusun S.N.Vışelyeski adına Eksperimental Baytarlıq İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub.