“Milli qida təhlükəsizliyi sistemlərinin və regional əməkdaşlığın təkmilləşdirilməsi” layihəsinin icrasına başlanılması ilə bağlı görüş keçirilib

Azərbaycan, Qırğızıstan, Moldova, Tacikistan və Türkiyə Respublikalarında qida təhlükəsizliyinə nəzarət sistemlərinin gücləndirilməsi, regional əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə “Milli qida təhlükəsizliyi sistemlərinin və regional əməkdaşlığın təkmilləşdirilməsi” layihəsinin icrasına başlanılması ilə bağlı görüş keçirilib.

Foodinfo.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Zəkiyyə Mustafayeva, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Qida və Nəzarət Baş İdarəsinin direktor müavini Yunus Bayram açılış nitqi ilə çıxış edərək, layihə çərçivəsində qida nəzarəti üzrə milli imkanların artırılması istiqamətində davam edən əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliklərini vurğulayıblar.

Daha sonra görüşdə çıxış edən Agentliyin Aparat rəhbəri Elxan Mikaylov “AQTA: Qida təhlükəsizliyi və qida nəzarət sistemlərində tərəqqi və prioritetlər” mövzusunda təqdimatla çıxış edib. Təqdimatdan sonra FAO mütəxəssisləri layihənin icmalı, qida təhlükəsizliyinə nəzarət sistemi üzrə qiymətləndirmə alətləri, layihə çərçivəsində həyata keçiriləcək tədbirlər barədə iştirakçıları məlumatlandırıb. Sonda layihə ilə bağlı görüləcək işlərə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 3 il ərzində həyata keçiriləcək regional layihənin məqsədi Azərbaycan, Qırğızıstan, Moldova, Tacikistan və Türkiyədə qida təhlükəsizliyinin prioritet risklərinin aradan qaldırılması istiqamətində dövlət və özəl sektorlar üçün əlverişli mühitin təmin edilməsi məqsədilə qida təhlükəsizliyinə nəzarətin və risklər barədə məlumatlandırmanın gücləndirilməsidir. Layihə çərçivəsində gözlənilən nəticələrə nail olmaq üçün layihə iştirakçı ölkələr arasında bilik və təcrübə mübadiləsi həyata keçiriləcək, eyni zamanda sinerji, kommunikasiya və biliklərin ötürülməsinin təşkili, potensialın inkişaf resurslarından səmərəli istifadə edilməsinə və regionda yanaşmaların uyğunlaşmasına imkan verəcək.