OIE-nin saytında AQTA-nın simulyasiya təlimi barədə məlumat dərc olunub

3-4 mart 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən keçirilən “Azərbaycanda quş qripi xəstəliyinə qarşı sahə simulyasiyası təlimi” barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) rəsmi saytında məlumat dərc olunub. Təşkilatın saytında Azərbaycanda keçirilən simulyasiya təlimi  2021-ci ildə dünyada keçirilən ilk simulyasiya təlimi kimi qeyd edilib.

Foodinfo.az xəbər verir ki, Məlumatda qeyd olunub ki, simulyasiya barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına Agentliyin Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev tərəfindən məlumat verilib. Qeyd olunub ki, simulyasiyanın keçirilməsində məqsəd ölkədə zoonoz xəstəliklərin erkən aşkarlanması və zəruri tədbirlərin vaxtında həyata keçirilməsindən ibarətdir.

Təşkilat rəsmi saytında qeyd edib ki, simulyasiya təlimlərində əsasən quşlarda yüksək patogen quş qripi xəstəliyi ilə bağlı şübhəli hallarda səyyar laboratoriya diaqnostikasının aparılması, eləcə də bu sahədə fəaliyyət göstərən kadrların peşəkarlığının artırılması əsas hədəf olaraq müəyyən edilib.