Avropa İttifaqının dəstəyi ilə keçirilən tvinninq layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Avropa İttifaqının (Aİ) dəstəyi ilə keçirilən “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” adlı tvinninq layihəsi çərçivəsində videokonfrans formatında növbəti komitə iclası keçirilib.

Foodinfo.az-ın məlumatına görə, iclasda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Zəkiyyə Mustafayeva layihə çərçivəsində birinci rüb ərzində həyata keçirilən tədbirlərdən, layihənin 6 aylıq iş planının təsdiqlənməsindən və eləcə də layihə çərçivəsində beynəlxalq ekspertlərlə həyat keçirilən sıx əməkdaşlıqdan məmnunluğunu və bu əməkdaşlığın bundan sonra da birgə aparılacaq işlərə müsbət təsir göstərəcəyinə inamını ifadə edib.

Daha sonra layihənin İdarəetmə Komitəsinin növbəti görüşünün keçirilməsi, gələcək fəaliyyətlərin təşkili kimi məsələlərə dair geniş müzakirələr aparılıb.

Qeyd edək ki, tvininq layihəsinin keçirilməsində məqsəd ölkəmizdə qida və yemlərin təhlükəsizliyinin artırılmasına töhfə vermək və təkmilləşdirilmiş sanitar və fitosanitar standartlara uyğun ixrac imkanlarını genişləndirməkdir. Layihə çərçivəsində milli qida qanunvericiliyinin Avropa İttifaqi qanunvericiliyinə daha da uyğunlaşdırılması, bitki mühafizə vasitələrinə nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsi, təkmilləşdirilmiş qanunvericilik əsasında qalıq monitorinq proqramlarının hazırlanması, həmçinin İT əsaslı fitosanitar informasiya sisteminin hazırlanması nəzərdə tutulub.