AQTA-nın Aparat rəhbəri “Caspian Energy Club”un təşkil etdiyi ənənəvi görüşdə iştirak edib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov “Caspian Energy Club”un təşkil etdiyi ənənəvi “Online Round Table”da iştirak edib. Tədbir çərçivəsində aktual sual və təkliflər müzakirə olunub.

Foodinfo.az xəbər verir ki, bu barədə “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Elxan Mikayılov daha sonra Caspian Energy Club-un fəaliyyətinin yaxından izlədiyini və təşkil etdiyi tədbirlərin biznes hökümət dialoqu üçün effektivliyini qeyd edib. O, həmçinin, belə platformaların fəaliyyətini və bu sahədə görəcəyi işlərin mühümlüyünü vurğulayıb.

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin qurulması ilə bu sahədə yeni mexanizm tətbiq olunmağa başladı. Yeni qida təhlükəsizliyi sistemi dövlətin həyata keçirdiyi yoxlama mexanizmi üzərində qurulduğu kimi, eyni zamanda onun əsas vəzifələrindən biri üçtərəfli iştirakın, yəni dövlət, sahibkar və istehlakçıların rolunun da nəzərə alınmasıdır. Müasir qida təhlükəsizliyi konsepsiyasına görə bu sistemin əsas təminatçısı sahibkardır və buna görə də sahibkarların bu işə cəlb olunması vacibdir.”- deyə o, diqqətə çatdırıb.

Daha sonra E. Mikayılov “Online Round Table” iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb. Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Elxan Mikayılova təşəkkür edib. O, eyni zamanda Qida Təhlükəsizliyi Agentliyi və Caspian Energy Club arasında olan işçi qrupunun operativ fəaliyyətini qeyd edərək agentliyin rəhbərliyinə klubun üzv şirkətləri adından minnətdar olduğunu bildirib.

Qeyd edək ki, ikitərəfli işçi qrupu mütəmadi olaraq aktual sual, təklif və problemləri müzakirə etməyə və operativ cavablandırmağa imkan verir.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.