Şuşadakı çörək sexi qida təhlükəsizliyi qeydiyyatından keçdi

İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası və sosial-iqtisadi inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər davam etdirilir.

Bu barədə Foodinfo.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Agentlik tərəfindən işğaldan azad edilmiş ərazilərdə qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə metodiki köməkliyin göstərilməsi məqsədilə müvafiq tədbirlər görülür. İşğaldan azad edilmiş Şuşa şəhərində bu günlərdə fəaliyyətə başlayan çörək istehsalı müəssisəsi AQTA tərəfindən qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Belə ki, Qida Təhlükəsizliyi Agentliyinə “Azhun Holding” MMC tərəfindən Şuşa şəhəri, General Quliyev küçəsi, ev 7 ünvanında yerləşən çörək istehsalı müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatına alınması üçün müraciət daxil olub. Çörək istehsalı müəssisəsi qanunvericiliyə uyğun olaraq 58-Q-00002 qeydiyyat nömrəsi ilə qida təhlükəsizliyi qeydiyyatına alınıb və “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestri”nə daxil edilib. Agentlik tərəfindən sözügedən müəssisə lazımi metodiki-texniki dəstək ilə təmin edilib.

İşğaldan azad olunmuş ərazilərdə qida zəncirinin bütün mərhələlərinə uyğun yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlaması istiqamətində sahibkarlara Agentlik tərəfindən lazımi metodiki köməklik göstəriləcəkdir.