Ermənilərin atdığı mərmi Tərtərdə məktəb və evi yandırdı

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edib.

Fövqəladə Hallar Nazirliyindən (FHN)  bildirilib ki, Ermənistan ordusunun atdığı mərmi Tərtər rayonunda məktəb binasında yanğına səbəb olub. Yanğın nəticəsində sinif otağının bir hissəsi yanıb. Məktəbin qalan hissəsi əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğından mühafizə edilib.

Bundan başqa, Tərtər rayonunda fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Lakin ərazi düşmən tərəfindən davamlı atəş altında saxlanıldığından yanğına müdaxilə edilməsi mümkün olmayıb.

FHN hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin 112 – “qaynar” telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.