Su istehlakçılarının istifadəsinə yeni veb-sayt verilib

“Azərsu” ASC “e-su.az” portalını istifadəyə verib.

Foodinfo.az-ın məlumatına görə, portal vasitəsilə su istehlakçıları öz şəxsi kabineti sayəsində apardığı bütün əməliyyatları barədə məlumat ala biləcək.

Saytın təqdimatı mərasimində ASC-nin elektron xidmətlər və müasir texnologiyaların departamentinin rəisi Emil Əhmədov qeyd edib ki, istənilən vətəndaş portalda qeydiyyatdan keçərək özünə aid olan və əlavə olaraq 5 abonent kodunu da əlavə edə bilər. Bu abonent kodları üzərindən aparılan bütün əməliyyatlara nəzarət etmək mümkündür.

“Hazırda sistem özündə 8 elektron xidməti cəmləyib. İlin sonuna müəssisənin göstərdiyi digər e-xidmətlər də portala inteqrasiya olunacaq”, – deyə E. Əhmədov qeyd edib.

O həmçinin əlavə edib ki, portal tam proaktivdir və elektron xidmətlərə müraciətlərlə yanaşı, qəzalarla bağlı müxtəlif bildirişləri göndərilməsi, o cümlədən abonentlərə göndərilən hesab-fakturaların da birbaşa olaraq portalda əks olunur.

“Portal “ASAN login”lə inteqrasiya olunub, yəni təhlükəsiz giriş təmin edilib və sentyabr ayından etibarən “myGov” hökumət portalına da inteqrasiyası həyata keçirilib. Portalın mobil tətbiqinin yaradılması üzərində işlər aparılır ki, onun da istifadəyə verilməsi gələn ilə nəzərdə tutulur”, – deyə E. Əhmədov əlavə edib.