Növbəti regional müşavirə keçirilib

İmişli rayonunda yerləşən Şəkər Zavodunda və Beyləqan rayonunda “Respublikada şəkər çuğunduru istehsalının mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda regional müşavirə keçirilib.

Foodinfo xəbər verir ki, tədbirdə İmişli, Saatlı, Sabirabad, Fizuli və Beyləqan rayonlarının icra hakimiyyətləri başçılarının müavinləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, İqtisadiyyat Nazirliyinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri, şəkər çuğunduru istehsalçıları və digər aidiyyəti mütəxəssislər iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyevin rəhbərliyi ilə keçirilən müşavirədə bildirilib ki, Azərbaycanın torpaq-iqlim şəraiti şəkər və qənnadı məmulatlarının istehsalında əsas xammal mənbəyi olan şəkər çuğundurunun becərilməsi və ondan yüksək məhsul alınması üçün əlverişlidir.

Qeyd olunub ki, 2019-cu ildə respublikanın 25 rayonunda əkilən 7345 hektar sahədən 236 min ton məhsul toplanılıb. Müşavirədə şəkər çuğundurunun əkin sahələrinin genişləndirilməsi məqsədilə müvafiq tədbirlər müəyyən edilib, sahələrin seçilməsi, toxum tələbatına dair məsələlər, texnika, mineral gübrələr və pestisidlərlə təminatın vəziyyəti müzakirə edilib.

Tədbirdə şəkər çuğundurunun yeni məhsuldar sortlarının yaradılması, toxumçuluğunun təşkili, innovativ becərmə texnologiyalarının tətbiqi, məhsulun yığılması, daşınması, zavoda təhvil verilməsi zamanı keyfiyyətin qiymətləndirilməsində müşahidə edilən çətinliklərin aradan qaldırılması ilə bağlı təklif və tövsiyələr dinlənilib və aidiyyəti tabeli qurumlara bu tədbirlərin yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verilib.