Zaqatalada xurma istehsalı artıb

Zaqatala rayonunda kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən biri də xurmaçılıqdır. 2019-cu ildə rayonun xurma bağlarından 6 min 658 ton məhsul tədarük olunub.

Foodinfo xəbər verir ki, xurma istehsalı əvvəlki illə müqayisədə 1136 ton artıb. Hər hektar xurma bağından orta hesabla 192,4 sentner məhsul tədarük olunub. Məhsuldarlıq əvvəlki illə müqayisədə 28,4 sentner artıb. İstehsal olunan xurma satış üçün daxili bazarla yanaşı, Rusiyaya da ixrac edilib.

Bu barədə rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib.

Hazırda rayonda mövcud xurma bağlarının ümumi sahəsi 387 hektardır. Bu bağların 336 hektarı barverəndir. Son illər rayonda 21 hektar sahədə yeni xurma bağları salınıb. Yeni bağlar salınarkən “Şişburun” xurma sortuna daha çox üstünlük verilir. Bazarlarda xurmanın bu sortuna tələbat yüksəkdir.