AQTA növbəti dəfə seminar keçirib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) təşkilatçılığı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə həyata keçirilən “Qida Təhlükəsizliyi Agentliyində İnstitusional islahatlar və idarəetməyə dair texniki dəstək” layihəsi çərçivəsində “Zərərvericilərə nəzarət proqramı və zərərvericilərdən azad ərazilərin yaradılması” mövzusunda seminar keçirilib.

Foodinfo xəbər verir ki, seminarda çıxış edən Respublikanın Baş fitosanitar müfəttişi, AQTA-nın Bitki sağlamlığı şöbəsinin müdiri Xəyalə Dadaşova ölkəmizin fitosanitar vəziyyəti, bu sahədə sabitliyin qorunması, o cümlədən bitki və bitkiçilik məhsullarının istehsal və ixracının artırılması istiqamətində Agentlik tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. Layihə çərçivəsində yerli mütəxəssislərə “Zərərvericilərə nəzarət proqramı və zərərvericilərdən azad ərazilərin yaradılması” mövzusunun günün aktual məsələlərindən olduğu və bu istiqamətdə görülən zəruri tədbirlərlə bağlı məlumatlar çatdırılıb.

FAO-nun fitosanitar sahə üzrə beynəlxalq eksperti Rinqolds Arnitis “Zərərli orqanizmlərə nəzarət proqramının beynəlxalq çərçivəsi, zərərvericilərə qarşı sorğu proqramı”, “Zərərvericilərdən azad ərazilər”, “Fitosanitar tədbirlər üzrə beynəlxalq standartlara uyğun idxal və ixrac” və s. mövzularda təqdimatlar edib, geniş müzakirələr aparılıb.

Sonra AQTA-nın, KTN yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri, FAO-nun Azərbaycan nümayəndələri və beynəlxalq ekspert Rinqolds Arnitis arasında görüş keçirilib. Görüşdə seminarın nəticələri müzakirə edilib, bununla yanaşı gələcək əməkdaşlığın daha da genişləndirilməsi, həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə müzakirələr aparılıb.