Marketlərdə etiket və kassa qiymətləri bəzən niyə fərqli olur? – ARAŞDIRMA

Vətəndaşlardan biri “Araz” Supermarketlər şəbəkəsindən aldığı pendirin üzərindəki qiymət ilə kassada vurulan qiymət arasında fərq olduğunu aşkarlayıb. Belə ki, üzərində kilosu 11.99 AZN göstərilmiş və 290 qram olan pendir üçün 3.48 AZN ödəniş etməli olduğu halda kassada məhsulun kilosu 13.99 AZN göstərilib və  290 qram üçün 4.06 AZN ödəniş edib. 58 qəpik əlavə ödənişin niyə yarandığı müştəri üçün müəmmalı qalıb.

Qeyd edək ki, analoji hallarla bağlı tez-tez şikayətlər olur. Bəs buna səbəb nədir? Marketlər həqiqətənmi müştərini aldadır? Yoxsa burda texniki bir səhv var?

“Araz” Supermarketlər şəbəkəsinin rəsmisi Billurə Əmirova AzFood-a bildirib ki, təəssüf ki, problemlə müştərilərimiz istəməsək də, zaman-zaman qarşılaşırlar. “Əmin olun ki, bunun fırıldaqçılıqla heç bir əlaqəsi yoxdur. Bizim məqsədimiz müştəri məmnuniyyətidir, belə halların olması qətiyyən arzuolunmazdır.”

Billurə Əmirova məsələyə aydınlıq da gətirib. Bildirib ki,  vitrin və kassa çıxış qiyməti arasında fərq bütün market şəbəkələrində mövcud ola bilən problemdir. “Konkret olaraq “Araz”a gəldikdə isə, bizdə mütəmadi, günlük, həftəlik, həftəsonları və.s. kimi endirim və xüsusi kampaniyalar olur. Kampaniya müddəti başa çatdıqdan sonra sistemdə qiymət avtomatik dəyişilsə də, bəzi hallarda diqqətsizlikdən rəf qiyməti mağaza personalı tərəfindən dəyişilmir. Lakin belə hallarda bizim “müştəri hüquqları” konsepsiyamız mövcuddur. Yəni bu kimi hallarda müştəri məhsulu rəfdə gördüyü qiymətə əldə edir. Siz bunu kassaya yaxınlaşıb bildirərkən, sizdən üzrxahlıq olunur və üzərində gördüyünüz qiymətlə hesablanır.”

Amma bütün bunlar heç də marketin günahsız olduğunu deməyə əsas vermir. Çünki müdriyyət və personal daim bu məsələlərə nəzarət etməlidir ki, müştəri narazı qalmasın. Bir çox hallarda burda obyektiv və subyektiv səbəblər olur. Məsələn, personal çatışmamazlığı. Market rəhbərliyi xərcləri azaltmaq üçün personalı ixtisar edir. Nəticədə bu cür problemlər ortaya çıxır.

Təbii ki, bir tərəfdən bir personal maaşı qədər gəlir əldə edən market itirdiyi müştərilər hesabına ziyana düşür. Çünki ortalama ayda bir neçə dəfə bazaqlıq edən müştəri marketə ən azı 100-150 manat civarnda gəlir gətirir. Bir müştərinin narazı qalması təkcə onun deyil, bir çox müştərilərin itirilməsinə səbəb olur ki, nəticə etibarilə market bəlkə də bir neçə personala ödəyəcəyi əmək haqqından çox zərər edir. Odur ki, bu barədə ciddi düşünmək və mövcud problemlərin həllinə çalışmaq lazımdır.