Fındıqçılıqdan 14,5 milyon manat gəlir əldə edilib – Balakəndə

Fındıqçılıq Balakən rayonunun kənd təsərrüfatında əsas yerlərdən birini tutur. 2017-ci ildə rayonda 5 min 385 ton fındıq istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 1,3 min ton artıb. Ötən il rayon əhalisi fındıq satışından 14,5 milyon manata yaxın gəlir götürüb. Fındıq tədarükünə 2700 nəfərdən çox mövsümi işçi cəlb olunub.

Bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.

Azərbaycan Prezidentinin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədi ilə Balakən rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində işlər davam etdirilir. Belə ki, son iki ildə rayonda 3 min 930 hektar sahədə yeni fındıq bağları salınaraq mövcud bağların ümumi sahəsi 8 min 934 hektara çatdırılıb. Növbəti illərdə daha 1700 hektarda yeni bağların salınması nəzərdə tutulur. (AZƏRTAC)