Üzümdən hazırlanan məhsullar immuniteti gücləndirir, qan təzyiqini tənzimləyir, öskürəyi kəsir

Şirin giləmeyvə sayılan üzümün tərkibində təbii şəkər, daha çox isə qlükoza və fruktoza var. Üzümün ən əsas xeyri onun şirəsi sayılır. Bu məhlulun tərkibində çoxlu dəmir var. Üzüm şirəsi ürək-damar, qaraciyər və böyrək xəstəliklərində istifadə olunur.

Foodinfo.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə Dövlət Aqrar Universitetinin dosenti Sevil Abduləliyeva deyib.

Mütəxəssis, həmçinin sentyabrda üzümdən alkoqolsuz məhsullar – şirə, bəhməz, mürəbbə, marinad, kampot, pavidla və s. hazırlandığını deyib: “Üzümdən hazırlanan qida məhsulları orqanizm üçün çox faydalıdır. Xüsusilə bəhməz bədən gücünü artırır, immuniteti gücləndirir, iltihabın qarşısını alır, qaraciyəri, qan təzyiqini tənzimləyir, öskürəyi kəsir. Bitki südü hesab edilən üzüm şirəsi qan yaradıcı və antioksidant xüsusiyyətləri ilə yanaşı, orqanizmin ürək və damar xəstəliklərindən qorunmasına da yardımçı olur”.

Üzüm və üzüm şirəsi ilə müalicə olunduqda yağlı ət, süd, spirtli, mineral və s. içkilər qəbul etmək olmaz. Üzüm piylənmədə, şəkərli diabetdə, mədə və onikibarmaq bağırsaq yarası xəstəliklərində, ishalda və xroniki faringitdə məsləhət görülmür. Arsen, morfin, stirxinin və s. ilə zəhərləndikdə üzüm zəhər əleyhinə vasitə kimi də işlədilir.