AQTA əməkdaşları ilə İsrail Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti arasında görüş keçirilib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və İsrail Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizəsi və Təftiş Xidmətlərinin direktoru Şlomit Zioninin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında online görüş keçirilib.
Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, görüşdə İsrail nümayəndə heyətinə Agentliyin fəaliyyət istiqamətləri, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlər, tətbiq olunan yeniliklər barədə geniş məlumat verilib.
Daha sonra dövlət sərhədlərində və gömrük keçid məntəqələrində sərhəd-keçid məntəqələrində bitki və bitkiçilik məhsulları, eləcə də pestisid və aqrokimyəvi maddələrin idxal-ixrac prosesinə nəzarət tədbirləri barədə fikir mübadiləsi aparılıb, zərərvericilərdən azad zonaların yaradılması ilə bağlı təkliflər səsləndirilib. Hər iki ölkədə qarşılıqlı təcrübə səfərlərinin təşkili, əməkdaşlıq üzrə normativ sənədlərin imzalanması məsələləri müzakirə olunub.
Görüşdə İsrailin Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Azərbaycanda kənd təsərrüfatı və qida məhsullarının təhlükəsizliyi sahəsində reallaşdırılacaq layihələrdə iştirak etməyə hazır olduqlarını ifadə ediblər.