Rayonlarda un qıtlığına səbəb nədir?

Son vaxtlar unun qiymətinin bahalaşacağı haqda gəzən xəbərlərin ardından ölkəmizin bir sıra bölgələrində un qıtlığı yaranıb.

Foodinfo.az xəbər verir ki, bu barədə “Xəzər xəbər”in süjetində bildirilib.

Qeyd olunub ki, Zaqatala, Balakən, Qax, Şəki rayonlarında son 1 həftədir ki, un qıtlığı var. Sakinlər bildirirlər ki, satış nöqtələrində un tapmırlar.

Satıcıları unu digər rayonlarda un istehsal edən iri dəyirmanlardan tədarük edirlər. Hazırda isə bu dəyirmanlardan bilinməyən səbəblərdən bir həftədir ki, un gəlmir.

Sakinlər isə unun olmamasını qiymətinin qalxacağı ilə əlaqələndirdilər.

Şimal qərb bölgəsini unla təmin edən MMC-nin Şəki bölməsindən bildirildi ki, respublikada bütün dəyirmanlarda, o cümlədən bu dəyirmanda  da   ildə bir dəfə profilaktiki sazlama,  dezinfeksiya, tədbirləri aparılır. Bu oxşar müəsisələrdə mərhələlərlə aparılır ki, una təlabat pozulmasın. Müəssisədə bütün tədbirlər artıq başa çatıb və buğda  tədarükünə başlanıb.

O da qeyd edilib ki, dəyirman bölgədə olan un tələbatını tam ödəyir.