Ət yeməyən qadınları gözləyən təhlükə

Böyük Britaniyanın Lids Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, vegetarian pəhrizə riayət edən qadınların gələcəkdə omba sınıqları ilə qarşılaşma ehtimalı daha yüksəkdir.

Foodinfo.az xəbər verir ki, araşdırmanın nəticəsi “BMC Medicine” jurnalında dərc olunub.

Alimlər 35-69 yaş arasında 26 mindən çox qadının sağlamlığı və rasionu ilə bağlı məlumatları təhlil ediblər. Nəticələr göstərib ki, təxminən 22 il ərzində vegetarian qadınların omba sınığı olma ehtimalı müntəzəm olaraq ət yeyənlərə nisbətən daha çoxdur.

Mütəxəssislərin fikrincə, vegetarianlar kifayət qədər qida qəbul etmədiyi üçün sümük və əzələ sağlamlığı yaxşı vəziyyətdə olmur. Bundan əlavə, onlar daha aşağı çəkiyə malikdirlər və bədənlərində da piy azdır. Qeyd etmək lazımdır ki, piy yıxılmanın təsiri yumşaldır.

Elm adamları vegetarian pəhrizdə olan insanlara dəmir və vitamin B12 əlavə edilmiş möhkəmləndirilmiş dənli bitkilər yeməyi, həmçinin qoz-fındıq və paxlalı bitkilərdən protein almaqla sümükləri gücləndirməyi məsləhət görüblər.