Rusiya nümayəndə heyəti AQTİ laboratoriyaları ilə tanış olub

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin nümayəndə heyətilə görüş keçirilib. Görüşün əsas məqsədi qida təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığın və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi olub.

Foodinfo.az-ın məlumatına görə, görüşdə Rusiya nümayəndə heyətinə AQTİ-nin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, ölkələrimiz arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində uğurlu əməkdaşlıq əlaqələrinın qurulmasından, eyni zamanda beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərindən bəhs olunub. Bundan başqa, AQTİ-nin nəzdindəki laboratoriyaların fəaliyyəti, maddi-texniki bazası və beynəlxalq təşkilatlarla əməkdaşlığı barədə məlumat verilib.

Qonaqlar iş prinsipini öyrənmək və müayinə metodları ilə tanışlıq məqsədilə AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalara baxış da keçiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Səmimi görüşə görə təşəkkür edən Rusiya nümayəndə heyətinin üzvləri qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin nümayəndə heyəti iyunun 20-də Azərbaycana səfərə gəlib. Rusiyalı mütəxəssislərin səfəri iyunun 24-ə kimi davam edəcək.