AQTA-da Rusiya nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ölkəmizə səfərə gələn Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib. Səfərin məqsədi Rusiya Federasiyasına ixrac edilən bitkiçilik məhsullarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, Azərbaycanda pestisidlər və aqrokimyəvi maddələrə nəzarət sistemi ilə tanışlıq və bu sahələrdə təcrübə mübadiləsinin aparılmasıdır.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüş zamanı nümayəndə heyətinə ölkəmizdə istehsal olunan bitkiçilik məhsullarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər, bu sahədə həyata keçirilən nəzarət tədbirləri barədə ətraflı məlumat verilib. Eləcə də dinamik inkişafa əsaslanan əməkdaşlıq münasibətlərinin gücləndirilməsində qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsinin faydalı olacağı vurğulanıb. Daha sonra qonaqlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzrə pestisidlərin və aqrokimyəvi maddələrin idxalı prosedurları ilə tanış olublar.

Qeyd edək ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin nümayəndələrinin Azərbaycana səfəri iyunun 24-ə kimi davam edəcək. Nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Fitosanitar Laboratoriyasına, Xaçmaz Regional Sınaq Laboratoriyasına, eləcə də müxtəlif meyvə-tərəvəz istehsalı müəssisələri və logistika mərkəzlərinə baxış keçirəcək.