“Avropa İttifaqına meyvə və tərəvəz məhsullarının ixrac olunması” mövzusunda videokonfrans keçirilib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı, Latviya və Polşa respublikalarındakı ticarət nümayəndəliklərinin iştirakı ilə meyvə-tərəvəz məhsullarının istehsalçıları və ixracatçıları assosiasiyaları və sahibkarlarla videokonfrans formatında görüş keçirilib. Videokonfransda Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları, Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları, Azərbaycan Zəfəran İstehsalçıları və İxracatçıları, Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları assosiasiyalarının rəsmiləri, eləcə də nar, pomidor və zəfəran istehsal edən müəssisələrin rəhbərləri iştirak ediblər.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, “Avropa İttifaqına meyvə və tərəvəz məhsullarının ixrac olunması” mövzusuna həsr olunmuş tədbirdə Agentlik sədri Qoşqar Təhməzli Azərbaycan ilə Avropa İttifaqının (Aİ) önəmli tərəfdaş olduğunu vurğulayıb. Sədr, həmçinin AQTA ilə Aİ-yə üzv ölkələrin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirildiyini bildirib, məhsulları Avropa Birliyinə ixrac edilməsi planlaşdırılan müəssisələrin lazımi prosedurlardan keçirilməsi və onlara metodiki köməkliyin göstərilməsi məqsədilə AQTA tərəfindən həyata keçirilən işlər barədə məlumat verib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Latviyadakı ticarət evinin nümayəndəsi ticarət nümayəndəliyinin 2018-ci ildən fəaliyyət göstərdiyini və bizim sahibkarların Avropa bazarına çıxması üçün hər bir dəstəyin göstərilməsində hazır olduqlarını bildirib.

Daha sonra Avropa İttifaqına, xüsusən Latviya, Polşa respublikalarına meyvə və tərəvəz məhsullarının ixracının genişləndirilməsi üçün mövcud potensial və perspektivlər müzakirə olunub. Avropa İttifaqı bazarına alternativ bazar olaraq Azərbaycan məhsullarının ixracında sahibkarlar, ticarət nümayəndəlikləri və Agentlik birgə işlər görərək bu ixracın artırılması istiqamətində tədbirlərin görülməsi barədə razılığa gəliblər.