AQTA sədri Qoşqar Təhməzli Tovuzda vətəndaşlarla görüşüb

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin iyun ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli iyunun 17-də saat 10:00-da Tovuz şəhər Heydər Əliyev Mərkəzində Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edib.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, qəbuldan əvvəl Qoşqar Təhməzli və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

AQTA-nın məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb. Vətəndaşların müraciətləri əsasən Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı olub. Müraciətlərin bir qismi yerində həll olunub, bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb, Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Sonra Qida Təhlükəsizliyi İnstitutunun qeyd olunan regionlar üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida sahəsində müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə baxılıb, daha sonra sədr Agentliyin Tovuz regional bölməsinin fəaliyyətinə baxış keçirib.

Səfər çərçivəsində AQTA sədri Qazax rayonunda yerləşən Azərbaycan Respublikası ilə Gürcüstanın sərhədində Dövlət Gömrük Komitəsinin “Qırmızı Körpü” gömrük postunda olub. Həmin ərazidə layihələndirilən və tikilməsi nəzərdə tutulan Agentliyin qida təhlükəsizliyinə nəzarət məntəqəsi ilə bağlı müvafiq tapşırıqlar verib.