Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq problemini dərinləşdirə bilərmi?

Mart ayındakı rekord səviyyədən sonra qlobal ərzaq qiymətləri apreldə cüzi azalıb. Buna baxmayaraq bir il əvvəlki göstəricilərlə müqayisədə 30 %-lik artım var. Qlobal ərzaq inflyasiyasını tətikləyən əsas səbəblər koronavirus pandemiyası, anomal hava şəraiti (quraqlıq, sel) və Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədir. Sonuncu faktor bu gün birbaşa olaraq qlobal ərzaq təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır. Çünki hər iki ölkə qlobal ərzaq təminatında əhəmiyyətli pay sahibidirlər. Dünyanın taxıla olan tələbatının 1/3-nə yaxını, günəbaxan yağına – 2/3-si Rusiya və Ukraynanın hesabına təmin edilir.

Ukrayna eyni zamanda günəbaxan yağı ixracı üzrə dünya lideridir. O, həmçinin 2020/2021-ci illər mövsümündə dünya üzrə qarğıdalı ixracı üzrə dördüncü, buğda ixracı üzrə 6-cı yerdə olub. Ukrayna ənənəvi olaraq aqrar məhsullarının 90 %-ni limanlar vasitəsilə xarici bazarlara çıxarır. Müharibə başlayandan sonra Qara dəniz limanları, o cümlədən Odessa, Nikolayev və Mariupol limanları Rusiya hərbi gəmiləri tərəfindən bloklanıb. Həmin limanlarda 4,5 milyon ton taxılı çıxarmaq mümkün deyil. Ümumilikdə isə limanlara çıxışın olmamasından dolayı ölkə istehsal etdiyi 90 milyon ton aqrar məhsulu, o cümlədən 25 milyon ton taxılı ehtiyacı olan ölkələrə çatdıra bilmir. Bu, Yaxın Şərq və Şimali Afrika ölkələrində kütləvi aclıq və milyonlarla insanın tələf olması təhlükəsi yaradır. Belə ki, Ukraynanın buğda, qarğıdalı və günəbaxan yağı ixracının 40 %-i bu regiondan olan alıcıların payına düşür. Mövcud durumda Ukraynanın faktiki olaraq bircə ixrac kanalı qalıb. Söhbət Avropayla olan qərb sərhədlərindən gedir. Lakin burada ötürücülük qabiliyyəti limanlarla müqayisədə xeyli aşağıdır. Buna görə həmin məhsuların ənənəvi tədarük bazarlarına fasiləsiz çatdırılması üçün Avropa İttifaqı üzərindən tranzit dəhlizlər vasitəsilə alterativ logistika yollarının axtarışı üzərində iş aparılır. Belə ki, aqrar məhsulların ixracı zamanı ötürücülük qabiliyyətinin artırılması üçün Polşa ərazisində “quru limanı”nın yaradılması üzərində iş aparılır. Lakin dəniz daşımaları ilə müqayisədə quru daşımaları daha baha başa gələcək. Bu isə ixrac məhsulların dəyərinin artması ilə nəticələnəcək.

O ki qaldı Rusiyaya burada vəziyyət biraz fərqlidir. Rusiyada da loqistika ilə bağlı problemlər mövcuddur. Daşınma xərcləri artıb. Ən əsası isə bu daşınmaların sığortası kəskin bahalaşıb. Lakin əsas problem iqtisadi yox siyasi xarakterlidir. Ən iri idxalçılar faktiki olaraq Rusiya taxılına boykot elan ediblər. Konkret olaraq Rusiyanın ən iri taxıl alıcısı olan Misirin dövlət şirkəti GASC bu cür addım atıb. Yəni ehtiyacları olsa belə alıcılar son hədd kimi Rusiya taxılına müraciət edirlər. Alıcı tapa bilməyən ixracatçılar məhsullarını satmaq üçün endirimləri 7 dəfə artırmaq məcburiyyətində qalıblar. Bir ton taxıl üçün endirim bu gün 70 ABŞ dollarına kimi çatır. Rusiya Taxıl İttifaqının prezidenti Arkadi Zloçevskiyə görə, bu, “astronomik rəqəm”dir. Nəzərə almaq lazımdır ki, sanksiyalar fonunda daxili qiymətləri sabitləşdirmək üçün Rusiya həm də taxıl ixracını məhdudlaşdırıb.

Bütün bu faktorlar fonunda bir il əvvəlki göstəricilərlə müqayisədə apreldə taxıl ixracı 60 %, buğda – 75 % azalıb.

Bu gün qlobal bazarda yaranan boşluğu Argentina, Braziliya və Hindistan doldurmağa çalışır. Lakin onların imkanları tələbatı tam şəkildə ödəməyə imkan verməyəcək. Adətən Qara dəniz regionundan buğda tədarükü yayda sürətlənir. Həmin vaxta kimi müharibə bitməsə bu, ilk növbədə üçüncü dünya dövlətlərində, o cümlədən İrak, Sudan və Yəməndə “ərzaq fəlakəti” yarada bilər. Bu gün dünya üzrə 300 milyon insan aclıqdan əziyyət çəkir. Müharibənin uzanması onların sayını 8-13 milyon nəfər artıra bilər. Eyni zamanda ərzaq məhsullarının qiymətlərinin artım tendensiyası davam edəcək. İlin sonuna kimi bugünki rekord səviyyədən hələ 22 %-ə kimi bahalaşmanın ola biləcəyi gözlənilir. Bu cür ssenarinin reallaşma ehtimalı isə kifayət qədər böyükdür. Çünki Rusiya elan etdiyi heç bir hədəfə çatmayıb. Ukrayna isə müharibədən əvvəl sahib olduğundan da çox hərbi texnika və sursata malikdir. İkinci dünya müharibəsindən bu yana ilk dəfə olaraq ABŞ-ın Ukrayna üçün “lend- liz” proqramını bərpa etməsi, qərb liderlərinin bu müharibədə Rusiyanın qalib gəlməsinə yol verməyəcəklərini deməsi və durmadan Ukraynanı silahlandırması münaqişənin uzunmüddətli olacağından xəbər verir.

Azərbaycan ət, süd məhsulları ilə özünü 84-85 %, kartofla – 90 %-dan çox təmin edir. Taxıla olan ehtiyacımızın 60 %-ni daxili imkanlar hesabına ödənilsə də, ərzaqlıq buğda ilə özümüzü cəmi 25 % təmin edirik. Azərbaycan ənənəvi olaraq bu məhsulu Rusiyadan alır. Ötən il idxal etdiyimiz 1,148 milyon ton buğdanın 95,3 %-i şimal qonşumuzun payına düşüb. Lakin bu ildən başlayaraq ərzaqlıq buğdanın idxalı zamanı tədarük kanallarının diversikasiyası istiqamətində konkret addımlar atılmağa başlanıb. Belə ki, fevralda Azərbaycanın buğda idxalına Qazaxıstan liderlik edib. Hesabat ayında həmin ölkədən 81,78 min ton buğda alınıb ki, bu da bir il əvvəlki göstəricilərlə müqayisədə 27 dəfə çoxdur. Eyni zamanda buğda idxalı daha üç il əlavə dəyər vergisindən azad edilib. Bununla yanaşı ötən ildən ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması məqsədilə un istehsalçılarına subsidiya verilir. Azərbaycan ərzaqlıq buğda təminatını 70-75 % həddinə çatdırılmasını hədəfləyir. Bununla əlaqədar olaraq həm bu il, həm gələn illərdə dövlət investisiya xərclərinin artırılması nəzərdə tutulur. Qısa zamanda azad edilmiş torpaqlarda böyük əkin işləri gedir. Təxirəsalınmaz tədbirlər nəticəsində ikinci dəfə əkin aparılır və bu il haradasa 50 minhektarda əkin aparılacaq. Görünən odur ki, hökümətin həyata keçirdiyi önləyici tədbirlər qlobal miqyasda buğda ilə bağlı yarana biləcək problemlərin Azərbaycan üçün təsirlərinin minimum olacağını ehtimal etməyə əsas verir.