“Omikron” bu problemlərə yol açır

“Omikron” variantı bütün elm dünyasının gözlədiyi və proqnozlaşdırdığı kimi, dünyada əvvəlki dalğa və variantlardan daha çox insanı yoluxdurmağa davam edir.

Foodinfo.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının ötən həftə yaydığı məlumata əsasən, 21 milyon yeni yoluxma, 50 min isə ölüm faktı qeydə alınıb. Bəs, “omikron” variantı hansı problemlərə yol açır?

Türkiyə Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Cəmiyyəti “omikron” variantının yaratdığı fəsadları açıqlayıb.

Gücləndirici doza verilməsə də, “omikron” səbəbilə xəstəxanaya yerləşdirmə və ölüm halları peyvənd olunmuşlarda peyvənd olunmamışlara nisbətən daha azdır. Bununla belə, gücləndirici dozanı vurduranlarda infeksiyaya qarşı qorunma daha da artır.

Müəyyən edilib ki, “omikron” hətta xəstələnmə və ya peyvənd yolu ilə əldə edilmiş immunitetə malik olmayanlarda belə, “delta” ilə müqayisədə təxminən üçdə bir dəfə daha az ağırlaşmaya səbəb olur.

Mövcud məlumatlar göstərir ki, “omikron”a qarşı yaranmış immunitet qısamüddətlidir. Odur ki, vaksin xəstəlikdən 100 faizlik qoruma təmin etmir.

Xüsusilə peyvənd və kütləvi immunitet arzuolunan səviyyəyə çatmayan cəmiyyətlərdə yoluxma və ağırlaşma sayı əvvəlki dalğalardan daha çox ola bilər. Bundan əlavə, “omikron” peyvəndin tövsiyə olunmadığı uşaq yaş qruplarında digər variantlarla müqayisədə daha çox müşahidə olunur.

Xəstəxanaya başqa səbəblərlə yatan insanlarda “omikron” infeksiyası aşkarlanır. Bundan əlavə, xəstəxanaların öz imkanlarını böyük ölçüdə koronavirus xəstələrinə ayırmaq məcburiyyətində qalması da qeyri-COVID səbəblərdən tibbi yardım və müalicə xidmətlərinin lazımi səviyyədə təmin edilməməsinə səbəb olur.

Ölkələr peyvəndlənmə və keçmiş dalğalardan təsirlənmə dərəcələri baxımından fərqli olduğundan, “omikron” dalğasının statistikası da fərqli ola bilər. Bu səbəbdən bəzi ölkələrin nəzarət tədbirlərini yumşaltması “omikron” dalğasının başlanğıcında olan dövlətlər üçün nümunə sayılmamalıdır.

Bu dalğanı məhdudlaşdırmaq, həm də xəstəliyin cəmiyyətdə yayılmasının qarşısını almaq üçün digər tədbirləri artırmaq lazımdır, əks halda səhiyyə sisteminin blokadaya düşməsi, ölüm hallarının artması qaçılmazdır.