AQTA yanında İctimai Şuranın iclası keçirilib

Yanvarın 27-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Foodinfo.az Agentliyə istinadən xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi ilə yanaşı, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası və bu sahədə həyata keçirilən tədbirlər müzakirə olunub. AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov təqdimatla çıxış edərək Şura üzvlərinə Dövlət Proqramının icrası ilə bağlı görülmüş işlər, həmçinin qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Tədbirdə istehlakçılar arasında sağlam qidalanmanın təşviqi, İctimai Şura tərəfindən bir sıra mövzularda maarifləndirmə işlərinə dəstəyin göstərilməsi və ictimaiyyətə zəruri tövsiyələrin verilməsinin vacibliyi diqqətə çatdırılıb.

Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.