AQTA istixanalarda monitorinqləri davam etdirir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) karantin tətbiq edilən və ciddi iqtisadi zərərə səbəb olan virus mənşəli xəstəliklərin vaxtında aşkar edilməsi, həmçinin təsərrüfatlarda bitki sağlamlığı ilə bağlı mövcud qaydalara əməl olunmasına nəzarəti təmin etmək məqsədilə mütəmadi olaraq istixanalarda monitorinqlər aparır.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, AQTA əməkdaşları tərəfindən Şəki rayonu, Öryət kəndində yerləşən, fiziki şəxs Əhmədov Elman Əliş oğluna məxsus istixanada fitosanitar müşahidələr aparılıb, fitosanitar ekspertiza və virusoloji müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim olunub. Eyni zamanda virus mənşəli xəstəliklərin və digər zərərli orqanizmlərin yayılmasının qarşısının alınması məqsədilə istehsal sahələrində sanitar-gigiyena və təhlükəsizlik qaydaları haqqında təsərrüfat sahibinə müvafiq tövsiyə və təlimatlar verilib.

Qeyd edək ki, son dövrlər Avropa və Aralıq dənizi regionu ölkələrində qonur qırışıqlıq virusu və pepino mozaika virusu yayılmaqla öz coğrafiyasını genişləndirib.