Soya isti hava dalğası ilə bahalaşır

Soya dünyada ən mühüm bitki mənşəli zülal (protein) və yağ mənbələrindən biri olan kənd təsərrüfatı məhsuludur. Soyanın istifadəsi heyvan yemi sənayesindən tutmuş insan istehlakına və qeyri-ərzaq məhsullarına qədərdir. Onun qiyməti son illərdə ən yüksək səviyyədədir.

Foodinfo.az Marja-ya istinadən xəbər verir ki, dünyanın ən böyük soya istehsalçıları olan Argentina və Braziliyada baş verən La Nina hava hadisəsinin yaratdığı isti dalğası qiymətləri daha da artırır. Hər iki ölkədə istehsalın 2022-ci ildə gözləntilərdən aşağı düşəcəyi ilə bağlı narahatlıqlar qiymətləri bir buşel üçün 14 dollara çatdırıb.

Çikaqo fyuçers bazarında soyanın qiyməti 14 dollar/buşelə çataraq 2021-ci ilin avqustundan bəri ən yüksək səviyyəni görüb. Yanvarda 5 faiz, son 1 ayda isə 11 faiz artan qiymət artımının davam edəcəyi təxmin edilir.

Son həftələrdə La Nina Cənubi Amerikanın məhsul istehsalı potensialı ilə bağlı proqnozları təhrif edir. Cənub yarımkürəsində yayın gəlişi ilə əsas əkin sahələrinin çox hissəsi dekabrın ortalarından bəri quraqlığa təslim olub. Bununla əlaqədar olaraq istehsalın həcminin azalacağı ilə bağlı narahatlıq var.

Ən böyük idxalçı Çindir

Dünya soya istehsalında Braziliya, ABŞ və Argentina liderlik edir. 2019/20 istehsal mövsümündə dünya soya idxalı təxminən 152 milyon ton olub. Ən çox soya idxalı edən ölkə Çindir. Çinin idxalda payı təxminən 60 faizdir.