Bu restoranlar cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Agentlikdən Foodinfo.az-a bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2022-ci il yanvarın 10-da ölkə üzrə 403 ictimai iaşə obyektində 726 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., Sakit Qocayev küçəsində yerləşən, fiziki şəxs Sadıqova Mehparə Neymət qızına məxsus kafe;

2. Bakı şəhəri, Səbail‎ ‎rayonu, Tərlan Əliyarbəyov küç., mən. 24 ünvanında yerləşən, hüquqi şəxs “Namaste” MMC-yə məxsus “Namaste” kafesi;

3. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küç., ev 142b ünvanında yerləşən, hüquqi şəxs “Azemat” MMC-yə məxsus restoran;

4. Sumqayıt şəhəri, 17-ci mikrorayon, Niyazi küçəsində yerləşən, fiziki şəxs Ağazadə Cahid Nadir oğluna məxsus “Zəngəzur” restoranı.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.