Azərbaycanda sərt qapanmalar olacaq?

“Azərbaycanda “omikron”un aşkarlanması fonunda yoluxmaların artmasını müşahidə edə bilərik”.

 Foodinfo.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında infeksionist Mərdan Əliyev deyib.

Onun sözlərinə görə, fərdi şəkildə qorunmanı gücləndirmək, maskalardan düzgün istifadə etmək lazımdır: “Yeni variant 12 nəfərdə tapılıb, həmin şəxslər də yəqin ki, onlarla insanı yoluxdurub.  Düşünürəm ki, bundan sonra yoluxmalarda tədricən artım qeyd olunacaq. Bu müddət ərzində daha diqqətli olmağa ehtiyac var”.

 

İnfeksionist insanların təşvişə qapılmalarına ehtiyac olmadığını qeyd edib: “Çünki “omikron” o qədər də qorxulu ştam deyil. Düzdür, bu variant “delta”ya nisbətdə tənəffüs yollarında 70 dəfə daha sürətli artıb çoxalır. Yoluxma çox olsa da, ağciyər toxumasında 10 dəfə daha aşağı sürətə malikdir. Yəni “omikron”un pnevmoniya verməsi ehtimalı 10 dəfə daha aşağı hesab olunur. Bu da yaxşı haldır. “Omikron” ştamının genetik quruluşu mövsümi infeksiyalara oxşayır. Gedişi, ağırlıq dərəcəsi də təxminən belədir. “Omikron” variantına ümidlər də var ki, bu ştam pandemiyanın sonunu gətirə bilər. Çox böyük ehtimalla qış başa çatdıqdan sonra, yaya doğru pandemiyanın səngiməsi elə “omikron”la olacaq. Ümumdünya Səhiyyə Təşkilatı da elan edib ki, 2022 pandemiyanın son ili olmalıdır”.

M.Əliyev hazırkı vəziyyətdə Azərbaycanda sərt tədbirlərə ehtiyac olub-olmamasından da danışıb: “Hazırda Azərbaycanda sərt tədbirlərin tətbiqinə, qapanmalara gedilməyə ehtiyac yoxdur. Əgər yoluxmalar artsa, ola bilsin ki, bəzi lokal məhdudiyyətlərə gedilə bilər. Ancaq bu ehtimal da azdır. Ola bilsin ki, maskalarla bağlı daha ciddi nəzarət tətbiq olunsun. Ancaq yoluxma çox olsa, o qədər də xəstəxana şəraiti tələb olunmayacaq. Nə qədər ki, xəstəxanalarda yerlər boşdur və səhiyyə sistemi yüklənməyib, ciddi qapanmalara gedilməyəcək”.