Qənd sexinin fəaliyyəti dayandırıldı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, Agentlik əməkdaşları Gəncə şəhəri, 38-ci Hərbi şəhərcik ünvanında fəaliyyət göstərən, Zeynalzadə Qalib Sevindik oğluna məxsus qənd sexində yoxlama keçirib. Yoxlama zamanı subyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən, müvafiq sahədə normativ hüquqi aktların və sanitariya-gigiyena qaydalarının tələblərinə riayət olunmadan fəaliyyət göstərdiyi müəyyən olunub. Belə ki, məhsulların qablaşdırmasında istehsal tarixinin düzgün qeyd edilmədiyi, həmçinin etiket məlumatında istehsalçı və məhsulun tərkibi haqqında dolğun məlumatların olmadığı və digər nöqsanlar aşkar olunub. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.