Qida subyektlərində məişət tullantılarının düzgün emal olunması ilə bağlı məlumatlar veriləcək

5 yanvar 2022-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Təlim saatı” adlı onlayn verilişinin növbəti buraxılışı “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq.

Foodinfo.az-ın məlumatına görə, “Təlim saatı” onlayn veriliş layihəsinin həyata keçirilməsində məqsəd bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi, eyni zamanda qida təhlükəsizliyi sahəsində elmi bazanın təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsini təmin etməkdir.

Budəfəki buraxılışda qida subyektlərində məişət tullantılarının düzgün emal olunması ilə bağlı zəruri məlumatlar izləyicilərin diqqətinə çatdırılacaq.

Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları AQTİ-nin Sahibkarlara xidmət departamentinin əməkdaşı Seymur Qafarova ünvanlaya bilərsiniz.

Qeyd edək ki, AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsultasiya, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.