Sahibkarlar üçün təşkil olunan nəzəri-praktiki təlimlər davam etdirilir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektləri və əməkdaşları üçün nəzəri-praktiki təlim proqramları davam etdirir. Növbəti nəzəri-praktiki təlim ictimai iaşə sahələrinin əməkdaşlarına “İctimai iaşə müəssisələrində ilkin şərtlər proqramları və minimum sanitar-gigiyenik normaların qorunması” mövzusunda keçirilib.

Foodinfo.az Agentliyə istinadən xəbər verir ki, təlim çərçivəsində gündəlik qida istehsalı sahələrində ümumi gigiyena qaydalarının yaxşılaşdırılması, anbar və xammal tədarükü sahələrində düzgün mal qəbulu standartlarının tətbiqi, “FIFO” prinsipi mexanizminə əsaslanaraq ərzaq dövriyyəsində izlənəbilərliliyinin gücləndirilməsi, istehsal və xidmət mərhələsində riski meydana gətirə biləcək səbəblərin aradan qaldırlması, dövri olaraq zərərvericilərin neqativ fəaliyyətinə dair monitorinqin aparılması, binaların, o cümlədən iş sahəsinin və işçilərin obyektlərinin planlaşdırılması və s. haqqında ətraflı məlumat verilib.

Eyni zamanda təlim iştirakçıları hava, su, enerji və digər kommunal xidmətlərin təchizatı, tullantıların və kanalizasiyanın utilizasiyası da daxil olmaqla dəstəkləyici xidmətlər, avadanlığın yararlılığı və onun təmizləmə, texniki xidmət və profilaktik təmir üçün əlçatanlığı, inqrediyentlər, çarpaz çirklənmənin qarşısının alınması üçün tədbirlər və satın alınan materialların (xammal, kimyəvi maddələr, qablaşdırma və s.) təchizatı prosesilə əyani formada yaxından tanış olublar.

Sonda iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, AQTİ tərəfindən ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədi ilə mütəmadi təlimlər keçirilir.