Dönər bıçağı ilə adam öldürən kuryerə cəza verildi

Bakıda küçədə mübahisə etdiyi şəxsi dönər bıçağı ilə vuraraq öldürən “Osmanlı Dönər” restoranının kuryeri Elnur Rəhmliyə hökm oxunub.

Foodinfo.az məhkəmə materiallarına istinadən xəbər verir ki, hadisə 2020-ci il noyabrın 10-da saat 16 radələrində Bakı şəhərinin Nərimanov rayonu ərazisində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü Elnur Rəhimli aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək 37 yaşlı Vuqar Əliyevi (şərti) öldürüb.

Məlumata görə, hadisə baş verən gün Enur Rəhimli sifarişləri qəbul edib müxtəlif müştərilərə çatdırdıqdan sonra restorana qayıdarkən Vüqar ilə mübahisə edərək onun sifətinə yumruqla zərbələr endirib. Ətrafdakı şəxslər onları ayırsa da, Elnur restoranın arxa qapısından içəri girib və dönər hazırlamaq üçün nəzərdə tutulan bıçağı götürərək hadisə yerinə qayıdıb. Dönər bıçağı ilə Vüqarın qoltuq hissəsindən bir bıçaq zərbəsi vurub, undan sonra zərərçəkmiş şəxs qanitirmədən ölüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən Elnur Rəhimliyə 17 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti verərək Elnur Rəhimli barəsində verilən hökmün dəyişdirilməsi, onun cəzasının yüngülləşdirilməsini xahiş edib.

Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, məhkəmənin hökmü mülahizələrə əsaslanır. Belə ki, Elnur Rəhimli ifadəsində bildirib ki, hadisənin baş verməsinin başlanğıc səbəbi mərhumun onu nalayiq söyüşlərlə təhqir etməsi olub:

“Mən əməlimdən peşmanam. Restorandan bıçağı götürüb hadisə yerinə qayıtmağıma səbəb həmin şəxsi qorxutmaq idi. Amma o, məni təhqir etməkdə davam edərək, üstümə gəldi və məni onu vurmağa məcbur etdi”.

Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edib ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü dəyişdirilmədən saxlanılmalıdır.