134 kq istehlaka yararsız ət aşkar olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

AQTA-dan Foodinfo.az-a verilən xəbərə görə, daxil olan məlumat əsasında Ucar rayonunda Agentliyin müfəttişləri Daxili İşlər Nazirliyinin Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Rzayev Elzamin Niyazi oğluna məxsus 20 EF 816 dövlət nömrə nişanlı “Qazel” markalı avtomobilin yük yerinə baxış keçirib. Baxış zamanı avtomobilin yük yerində açıq halda 4 hissəyə bölünmüş, mənşəyi məlum olmayan, ümümi çəkisi 134 kq möhürsüz ət aşkarlanıb. Orqanoleptik baxış zamanı istehlaka yararsız olmasına əsaslı şübhələr yaranmış ətdən nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Ümumi çəkisi 129 kq ət isə möhürlənərək saxlanca qoyulub. Araşdırmalar davam edir.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.