Qanunsuz fəaliyyət göstərən çörək sexi aşkar olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentlikdən Foodinfo.az-a bildirilib ki, daxil olan müraciət əsasında Agentlik əməkdaşları Bərdə rayonu, Cəyirli kəndində fəaliyyət göstərən, fiziki şəxs Cəfərova Lülpar Məcid qızına məxsus, çörək istehsalı sexində yoxlama keçirib. Yoxlama zamanı müəssisədə qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativlərə cavab vermədiyi məlum olub. Belə ki, istehsal müəssisəsində döşəmə, divar və tavan səthlərinin su keçirməyən, yuyula bilən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materiallarla üzlənmədiyi, tüstünün kənarlaşdırılması üçün sourucu zondların, qapı və pəncələrdə yad cisim, toz və həşəratlara qarşı qoruyucunun təchiz edilmədiyi, istifadə olunan avadanlıqların çirkli vəziyyətdə saxlanıldığı, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin görülmədiyi, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçirilmədiyi aşkar olunub. Aşkar edilmiş faktlarla bağlı sahibkar inzibati məsuliyyətə cəlb olunub. Araşdırmalar davam edir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.