Təzə yox, boyat çörək yeyin

Ən faydalı çörək emal olunmamış, təmizlənməmiş buğdadan hazırlanır. Belə çörəkdə buğdanın bütün faydalı xüsusiyyətləri saxlanılır.
Foodinfo.az milli.az-a istinadən xəbər verir ki, arpa unundan və ya arpa ilə buğda unların qarışığından hazırlanmış çörək də çox faydalıdır. Biz ona adətən “qara çörək” deyirik. Bu çörək daha gec mənimsənilir və ağ çörəklə müqayisədə onun tərkibində daha çox faydalı maddələr saxlanılır.
Buğda kəpəyi əlavə olunmuş çörək də çox faydalıdır. Kəpək mədə-bağrsaq sisteminə müsbət təsir edir, qəbizliyin qarşısını alır, orqanizmdən ziyanlı maddələri xaric edir.
Çörəyi düzgün yemək lazımdır. Bu nə deməkdir? Diyetoloqlar çörəyi yeməkdən əvvəl bir qədər qurutmağı tövsiyə edirlər.
Boyat çörək yumşaq təzə çörəkdən daha faydalıdır. Bunu bütün həkimlər və diyetoloqlar təsdiq edir. Boyat çörək daha yaxşı mənimsənilir və köp, ağırlıq kimi xoşagəlməz hisslərə səbəb olmur.
Çörəyin üzərində kif varsa, belə çörəyi yemək olmaz. Bəzən insanlar üzərində kif olan tikəni kəsib qalan çörəyi yeyirlər. Bu qəti şəkildə yolverilməzdir. Kif göbələyin sporları gözlə görünmür və insan bilmədən bu sporları olan tikəni yeyə bilər. Kif göbələyi çox ziyanlıdır və nəinki qida zəhərlənmələrinin, hətta ağır qan və ağ ciyər xəstəliklərinin inkişafına səbəb ola bilər.
Təbii ki, ən ideal variant çörəyi evdə emal olunmamış undan bişirməkdir. Bir çox həkimlər mayasız çörəyə üstünlük verməyi tövsiyə edir.