Uşaqlar üçün xüsusi inkişaf cədvəlləri hazırlanır

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov Azərbaycanda uşaqlar üçün xüsusi inkişaf cədvəllərinin hazırlandığını açıqlayıb. 

Foodinfo.az xəbər verir ki, həkimin sözlərinə görə, hər ölkənin milli genofondu, yəni genetikası, yaşama mühitləri fərqlidir. Ona görə də hər ölkədə uşaqların böyümə trendi bir az da olsa bir-birindən fərqlənə bilər:

“Bu günə qədər Azərbaycanda bizim istifadə etdiyimiz başqa ölkələrin cədvəlləri idi. Məsələn, bir çox dövlət və özəl klinikalarımızda qardaş Türkiyənin tərtib etdiyi cədvəllər istifadə edilirdi. İstifadə olunan cədvəllər 2008-ci ilə aid idi. Heç kimə yad deyil ki, bu gün bütün dünyada piylənmə uşaq yaşlarında artıq başlayır. Bunları nəzərə aldıqda yeni cədvəlin tərtib edilməsinə ehtiyac var idi və biz öz cədvəlimiz hazır olduğu zaman aradakı fərqi gördük. Aparılan elmi tədqiqat bir neçə ilə qədər davam etdi, hər yaş qrupundan uşaqları seçdik, onların çəki, boy, baş dairəsinə baxdıq və göstəricilər əsasında cədvəllər tərtib etdik. Artıq rahatlıqla ölkəmizə aid cədvəli istifadə edə bilərik. Yəni cədvəl bizim uşaqlara aid olduğu üçün onların çəkisini, ya da boyunun nisbətən az, ya çox olmasını bu cədvəl vasitəsilə müəyyən edə bilərik”.

E. Rəhimov əlavə edib ki, qeyd olunan cədvəllərdə ən alt və ən üst norma var və bu göstəricilərin daxilində olan uşaqlar normal hesab olunur:

“Eyni zamanda, uşaqlarda biz standart çəki vahidi qəbul etmirik. Çünki uşaq ola bilər ki, alt normasının göstəricisinə yaxındır, amma davamlı inkişafı eyni tendesiyada gedir. O zaman bu çəki onun üçün normal qəbul edilir. Eyni şəkildə biz uşağın ata-anasının boyunu bildiyimiz zaman onun yaşına uyğun inkişafını qiymətləndirə bilirik. Belə ki, qız uşağının sağlam şəkildə böyüməsini müyyənləşdirmək üçün biz onun valideynlərinin boylarını toplayırıq, alınan rəqəmdən 13 santimetr çıxırıq və ikiyə bölürük. Oğlan uşağı üçün isə bu göstəricinin üstünə 13 santimetr gəlirik və ikiyə bölürük. Beləliklə, uşağın genetik potensialına görə hədəf boyunu hesablayırıq. Əgər indiki boy göstəricisi ilə gözlənilən boy bir-birinə uyğun gəlmirsə, o zaman boy inkişafının geridə qaldığı söylənilə bilər”.

Həkimin sözlərinə görə, boy artımı ən çox ana bətnində baş verir. Daha sonra boyun sürətlə artması iki yaşa qədər, xüsusən ilk 6 ayda baş verir. Və nəhayət, yeniyetmə dövründə boy artımı çox sürətlə gedir. Sümüklərin uzunluğu böyümə plastinalari – sümüyün epifiz adlanan sahələri hesabına böyüyür. Böyümə zonaları yoxa çıxdıqdan sonra insanın boyu daha artmır. Qızlarda boy artımı 14-15 yaşına, oğlanlarda isə 15-16 yaşına qədər davam edir. Nadir hallarda boy uzanması 23-25 yaşa qədər davam edir.