Qazlı su və alkoqolsuz içkilərin istehsalı sexində nöqsanlar aşkar olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan Foodinfo.az-a verilən məlumata görə, Agentlik əməkdaşları Gəncə şəhərində fəaliyyət göstərən, fiziki şəxs Hakimi Bəxtiyar Mirzəağa oğluna məxsus qazlı su və alkoqolsuz içkilərin istehsalı müəssisəsində yoxlama keçirib. Yoxlama zamanı müəssisədə “Zəhra bulağı” nişanlı qazlı suların və “Happy new year” nişanlı alkoqolsuz içkilərin digər istehsalçı şirkətlərə məxsus şüşə butulkalarda qablaşdırıldığı, etiket məlumatlarında bir sıra kobud nöqsanlara yol verildiyi aşkar edilib. İstehsal olunan qazlı suyun üzərində Samux rayonunda yerləşən “Zəhra” bulağı nişanı qeyd edilsə də, Gəncə şəhərində yerləşən su anbarından gətirildiyi, əsassız olaraq müalicəvi və s. məlumatların qeyd olunduğu məlum olub. Həmçinin müəssisədə sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, su çənlərinin dövri olaraq dezinfeksiya olunmadığı müəyyən olunub. Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. 0.7 litrlik “Happy new year” nişanlı 3620 ədəd alkoqolsuz içkinin və 0.5 litrlik “Zəhra bulağı” nişanlı 380 ədəd qazlı suyun satışa çıxarılmasının qarşısı alınıb. Araşdırmalar davam edir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.