AQTA pomidor istixanalarında fitosanitar monitorinqləri davam etdirir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə fitosanitar monitorinqləri davam etdirir.

Agentlikdən Foodinfo.az-a bildirilib ki, həyata keçirilən monitorinqlər zamanı Agentliyin fitosanitar müfəttişləri Abşeron rayonu, Məmmədli kəndi və Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində fəaliyyət göstərən istixanalara baxış keçirib. Fitosanitar ekspertizanın və virusoloji müayinələrin aparılması üçün nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Həmçinin pomidor istixanalarında zərərli orqanizmlərin aşkar edilməsi və onlara qarşı mübarizə tədbirləri, bitkilərin becərilməsi, təhlükəsizlik qaydalarına əməl olunması barədə sahibkarlara zəruri göstərişlər verilib.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.