Heyvan xəstəliklərindən azad statusu aldıqdan sonra ölkəmiz ixracatçı və tranzit ölkə kimi mühüm üstünlüklər qazanacaq

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) qaydalarına əsasən,  beynəlxalq ticarət şəbəkəsi vasitəsilə diri heyvanlar və heyvan mənşəli məhsulların dövriyyəsinin təmin olunması üçün ölkəmiz bir sıra heyvan xəstəliklərindən azad statusa malik olmalıdır. Bu xəstəliklərdən biri də xırdabuynuzlu heyvanların taunu (XBT) xəstəliyidir. OIE tərəfindən 2030-cu ilə kimi bütün üzv ölkələrin sözügedən xəstəlikdən azad olunması təşəbbüsü irəli sürülmüş və hazırkı dövrə kimi 59 ölkə tərəfindən bu status alınmışdır.

Foodinfo.az-ın məlumatına görə, xəstəlikdən azad statusun əldə edilməsi xırdabuynuzlu heyvanlar və onlara aid məhsulların ixracatının həyata keçirilməsi, eyni zamanda ölkəmizin ərazisi vasitəsilə diri heyvanların tranzit daşınmasında maneələr aradan qalxacaq və ölkələrarası əməkdaşlıq üçün yeni imkanlar yaranacaqdır.

Son illərdə AQTA mütəxəssisləri tərəfindən ölkə ərazisi üzrə aparılmış epizootoloji və seroloji monitorinqlərdə xəstəliyə aid klinik təzahürlər və törədicisinə rast gəlinməmişdir ki, bu da epizootik stabilliyin qorunub saxlanıldığını göstərir. Respublikanın ərazisində epizootik vəziyyətin nəzarətdə saxlanması və xəstəliyin yayılma areallarının öyrənilməsi üçün Agentlik tərəfindən müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq daha da genişləndirilmişdir. Belə ki, FAO-nun “Baytarlıq diaqnostikası da daxil olmaqla xəstəliklərin müşahidəsi üçün milli potensialın artırılması layihəsi” çərçivəsində XBT-yə görə aktiv nəzarət sisteminin yaradılması və xəstəlikdən azad olmanın müəyyən edilməsi planının tətbiqi kimi tədbirlər həyata keçirilir.

XBT-dən azad statusun alınması üçün həyata keçirilmiş xüsusi təyinatlı epizootiya əleyhinə tədbirlər barədə sənədlər toplusu tərtib olunmalı və 2022-ci ilin üçüncü rübündə OIE-yə təqdim edilməlidir. Görülmüş işlərin qiymətləndirilməsi və sözügedən sənədlər toplusunun hazırlanmasına dəstəyin göstərilməsi üçün FAO-nun Baş Qərargahının ekspertləri Dr. Susanne Munstermann və Dr. Kamila Benfield hazırda respublikamızdadırlar. Ölkə hesabatı qəbul edildiyi təqdirdə ölkəmizə XBT-dən azad status veriləcəkdir ki, nəticədə ixracatçı və tranzit ölkə kimi mühüm üstünlüklər qazanmaqla Azərbaycan regionda bu istiqamətdə ilk ölkə olacaqdır.