Qoşqar Təhməzli Gürcüstan Milli Qida Agentliyinin rəhbəri Zurab Çekuraşvili ilə görüşüb

Noyabrın 11-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Gürcüstan Milli Qida Agentliyinin rəhbəri Zurab Çekuraşvili ilə görüşüb.

Foodinfo.az-ın xəbərinə görə, Agentlik sədri Qoşqar Təhməzli Zurab Çekuraşvilini səmimi salamlayaraq ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Bildirilib ki, iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində təcrübə mübadiləsinin həyata keçirilməsi hər iki ölkədə qida təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək.

Görüşdə AQTA və Gürcüstan Milli Qida Agentliyinin əməkdaşları tərəfindən sərhədyanı ərazilərdə birgə monitorinqlərin keçirilməsi, qida sahəsində idxal-ixrac və tranzit yüklərin daşınmasına nəzarətin daha səmərəli təşkili, həmçinin heyvanların identifikasiyası və qeydiyyatı sisteminin yaradılması zamanı beynəlxalq təcrübələrdən istifadə, elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən Zurab Çekuraşvili qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, idxal-ixrac əməliyyatları və beynəlxalq əməkdaşlıq üzrə əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.