“Süfrə” jurnalının növbəti sayı çap olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbu orqanı olanı “Süfrə” elmi-kütləvi jurnalının növbəti sayı çapdan çıxıb.

Foodinfo.az xəbər verir ki, nəfis tərtibatda və yüksək keyfiyyətlə nəşr olunan “Süfrə” jurnalı geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Jurnalın təsis edilməsində əsas məqsəd təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə bağlı istehlakçıların maarifləndirilməsi, sağlam qidalanmanın təşviqi, həmçinin qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə həyata keçirilən tədbirlər barədə məlumatların ictimaiyyətə çatdırılmasıdır.

“Süfrə” jurnalının VIII sayında da bir-birindən maraqlı rubrikalar oxuculara təqdim edilib. Belə ki, “Qida akademiyası” rubrikasında dərc olunmuş məqalədə normadan artıq şəkər qəbulunun sağlamlığımız üçün təhlükəli olması barədə vacib məqamlar təqdim olunub. Bu rubrikada AQTİ mütəxəssislərinin yazdığı “Qidalanmada yol verdiyimiz səhvlər” və “Qanazlığının profilaktikasında qidalanmanın rolu” başlıqlı məqalələrlə də tanış ola bilərsiniz.

“Həkim sözü” rubrikasında isə “Süfrə” Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitunun elmi katibi, tibb elmləri üzrə fəlsəfə doktoru Aynur İsmayılova sonsuzluqda zərərli qidalanma faktorları barədə danışıb.

Dəmir defisitli anemiya və hemoqlabin azlığı uşaqlarda immun sisteminin işində pozulma, fiziki inkişafdan qalma, beynin oksigen aclığı ilə nəticələnə bilər. Ümumiyyətlə, bir yaşa kimi körpələr dəmir defisitli anemiya risk qrupuna daxildirlər. Uşaqlarda anemiya və qidalanma barədə “Sağlamlıq məktəbi” rubrikasında tövsiyələr təqdim olunub.

Pestisidlər ziyanverici, xəstəlik və alaq otları ilə mübarizə aparmaq, onlara nəzarət edə bilmək və zərərlərini azaltmaq, eləcə də məhsuldarlığı artırmaq məqsədilə geniş istifadə olunan kimyəvi maddələrdir “Qida biznesi” rubrikasında pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydaları barədə ətraflı məlumat öz əksini tapıb.

“Süfrə”nin VIII sayının “Kinomenyu” rubrikasında isə Azərbaycan kinosunun ilk rəngli filmi olan  “O olmasın, bu olsun”dan maraqlı süfrə səhnələri təqdim olunub.

Jurnalın bu sayında “Qədim dərman bitkimiz-biyan”, “Pul əvəzi qiymətli qidalar” kimi maraqlı məqalələr də dərc olunub.

Qeyd edək ki, “Süfrə” jurnalının  VIII sayını əldə etmək üçün (012) 565-12-72 (daxili nömrə – 553) telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.