AQTA-da 8 noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində 8 noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Foodinfo.az xəbər verir ki, tədbirdə AQTA sədri Qoşqar Təhməzli Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərlə, eləcə də, Vətən müharibəsi iştirakçıları ilə görüşüb. Əvvəlcə Vətən uğrunda canından keçən qəhrəman övladların – bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə giriş nitqi ilə çıxış edən AQTA sədri Q. Təhməzli tarixi qələbəmizin birinci ildönümü ərəfəsində şəhid ailələri və qazilərlə görüşün Agentlik kollektivi üçün böyük fəxr olduğunu bildirib. Qoşqar Təhməzli Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 gün ərzində torpaqlarımızın işğaldan azad edilməsinin böyük tarixi hadisə olduğunu qeyd edib.

AQTA sədri onu da bildirib ki, Vətən müharibəsinin ilk günlərindən Agentlik əməkdaşları istər arxa, istərsə də ön cəbhədə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıblar.

Daha sonra tədbir iştirakçılarına “Təşəkkürnamə” təqdim olunub.