Qış üçün ərzaq ehtiyatı toplayın

Çində əhaliyə qış üçün ərzaq ehtiyatı toplamaq çağırışı edilib. Səbəb kimi son vaxtlar baş verən daşqınların kənd təsərrüfatı torpaqlarına ziyan vurması göstərilib.

Foodinfo.az-ın məlumatına görə, Çinin Ticarət Nazirliyi öz internet saytında əhalini “qış üçün ərzaq ehtiyatı yığmağa” çağırıb.

Yerli əyalət rəhbərlərinə də “qışa hazırlaşmaq” tapşırılıb.

Ərzaq təhlükəsizliyinin təmin edilməsi və daşınması üçün tədbirlərin həyata keçirilməsi istənilib.

Çin hökumətinin bu çağırışı ölkədə ictimaiyyətin narahatlığına səbəb olub. İl boyu daşqınlarla üzləşən ölkədə kənd təsərrüfatı sahələrinə dəyən ziyan nəticəsində tərəvəz və meyvələrin qiyməti rekord həddə çatıb.

Hökumət “ehtiyat edin” və “hazır olun” çağırışlarının səbəbini açıqlasa da, insanlar başqa səbəblərin olduğunu düşünür. Sosial mediada çağırışın yeni bağlanmalara və səyahət məhdudiyyətlərinə səbəb olacaq epidemiya ilə əlaqəli olduğu barədə şərhlər verilir.

Çağırışın səbəbinin Tayvana hücum planları ilə bağlı olduğunu düşünənlər də var.