Göyçayda yerləşən xurma bağlarında fitosanitar müşahidələr aparılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.

Agentlikdən Foodinfo.-a verilən məlumata görə, Agentliyin fitosanitar müfəttişləri tərəfindən Şamaxı regional bölməsinin inzibati ərazi vahidinə daxil olan Göyçay rayonunda yerləşən xurma bağlarında aparılan monitorinqlər nəticəsində meyvə ağaclarında karantin tətbiq edilməyən unlu yastıcaya (Pseudococcus viburni) sirayətlənmə hallarına rast gəlinib. Sirayətlənmiş meyvə və bitkilərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasına təqdim olunub. Aşkar edilmiş zərərli orqanizm haqqında təsərrüfat sahiblərinə geniş məlumat verilib, onlara qarşı müvafiq bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi ilə bağlı zəruri göstərişlər verilib.