Ölkədə toyuq əti bahalaşmaqdadır

Azərbaycanda ət məhsulları yenidən bahalaşıb. Ən çox bahalaşma isə toyuq ətlərindədir.

Foodinfo.az Banker.az-a istinadən xəbər verir ki, ölkədaxili bazarda doğranmış sümüklü mal ətinin hər kiloqramı 1 oktyabr tarixinə 10.67 manat olmuşdur. Bu öncəki ayla müqayisədə 0.33% bahalaşmışdır. Sümüksüz mal ətinin hər kiloqramı isə 12.52 manata qalxıb. Bu aylıq 0.23% bahalaşma deməkdir. Mal ətinin qiymətində kəskin artım dinamikası müşahidə edilmir.

Sümüklü qoyun ətinin hər kiloqramı 12 manat olmaqla son ayda 0.44%, ilin əvvəlindən isə 0.65% bahalaşmışdır.

Lakin ölkədə daha çox istehlak olunan quş ətlərinin qiymətlərində gözəçarpan artımlar var. Belə ki, toyuq ətinin hər kiloqramı ölkə üzrə 4.80 manata yüksəlib. Yerli istehsal olunan toyuq ətinin hər kiloqramı 4.76 manat olmaqla son ayda 1.48%, ilin əvvəlindən isə 7.87% artmışdır.